Haqqında

DSC0004021

 

Azərbaycan Rəssamlar İttifaqı – Azərbaycanın ərazisində fəaliyyət göstərən professional rəssamları və sənətşünasları birləşdirən yaradıcı könüllü-ictimai təşkilatdır. Azərbaycan Rəssamlar İttifaqı öz fəaliyyətində özünüidarəetmə və demokratiya prinsiplərinə, Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinə, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əsaslanır, yaradıcılıq atmosferinin azadlığını və baxışların plüralizmini qoruyur, dövlət və ictimai təşkilatlar ilə əlaqələnir, hüquqi qarant olaraq başqa təşkilatlarda rəssamların maraqlarının təmsilçisi olur. Rəssamların mənəvi potensialının açıqlanması, üzə çıxması üçün  tədbirlər keçirir, qərarlar qəbul edir və onların aktiv yaradıcı fəaliyyətlərinə yaxından köməklik göstərir.

Azərbaycan Rəssamlar İttifaqı respublika və beynəlxalq simpoziumların, müsabiqələrin təşkilində fəal iştirak edir, ciddi iş aparır, uşaqların və gənclərin estetik tərbiyəsində əlindən gələni əsirgəmir, uşaq evlərinə, xəstə və əlillərə köməklik, hərbi hissələrə isə şeflik edir.

1992-ci ildə “Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinin” qəbulu ilə, Azərbaycan Rəssamlar İttifaqı “Azərbaycan Sovet Sosialist Respublikasının Rəssamlar İttifaqı”nın tam davamçısı oldu. Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının təsisçilərindən biridir.

Azərbaycan Rəssamlar İttifaqı nəzdində Gənc Rəssamların və Sənətşünasların  Birliyi, Karikaturaçılar Birliyi və Qeyri-peşəkar Rəssamlar Birliyi fəaliyyətdədir. Bu günədək Azərbaycan Rəssamlar İttifaqı üzvlərin ümumi sayı 1651 nəfərdir: rəngkarlar; heykəltəraşlar; qrafikaçılar; plakat rəssamları; monumental- tərtibat və dekorativ – tətbiqi sənət rəssamları; teatr, kino və televiziya rəssamları, incəsənət tənqidçiləri – sənətşünasları. Azərbaycan Rəssamlar İttifaqının strukturunda Naxçıvan, Gəncə və Şəki regional şöbələri fəaliyyət göstərir.

Yaradıcılıq imkanlarını stimullaşdırmaq üçün Azərbaycan Rəssamlar İttifaqı 1992-ci ildə XVI əsrin tanınmış Azərbaycan miniatürçüsü Soltan Məhəmməd adına  mükafat təsis etmişdir və həmin ildə Azərbaycan təsviri incəsənətinin tanıdılması, yayılması və təbliğ olunması üçün “İncəsənət” qəzetinin nəşrinə başladı. Azərbaycan Rəssamlar İttifaqı illər kəçəndən, düz on ildən sonra öz daxili inkişafının ən ümdə mərhələlərini keçə-keçə, incəsənətin daha geniş intişar tapdığı uzaq ölkələrin məşhur rəssamları və sənətşünaslarını yaxından əməkdaşlığa cəlb edərək Azərbaycanda həm forması, həm də ideya və məzmunca yeni, yüksək çap mədəniyəti ilə nəşr olunan “İncəsənət” jurnalını oxucuların sərəncamına vermişdir.

Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqıları Beynəlxalq Konfederasiyası ilə keçirilən illik “Art – sərgilərdə” son dərəcə aktiv iştirak edir.

Bədii təcrübənin rəngərəngliyi, qızğın sərgi fəaliyyəti, yeni yaradıcılığın mənimsənilməsi, Azərbaycan təsviri sənətində bu gün bütün baş verənlər bunun çox yaxşı təsdiqidir. Azərbaycan Rəssamlar İttifaqının fəaliyyətində bu gün gələcək perspektiv üçün böyük, məsul işlər durur, həyati əhəmiyyətli və yaradıcı sualların aktiv şəkildə cavablandırılması zəruridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>